Paytaxt Bakının ardınca bölgələrimizdə də mal ətinin bahalaşması faktları qeydə alınıb. 

Yenizaman.az CTV Regional Televiziyasına istinadən bildirir ki, bu artım artıq Cəlilabad rayonunda ət satışına öz təsirini göstərib. Lakin ekspertlər qiymət artımının uzun müddət davam etməyəcəyi qənaətindədirlər.

Cəlilabad rayonunda bazarlarda əvvəllər mal ətinin 1 kiloqramı 6 manat — 6 manat 50 qəpiyə alıcılara təklif olunurdusa, hazırda bu qiymət 7 manat 50 qəpik təşkil edir. Satıcılar bahalaşmanı heyvan qıtlığının olması ilə əlaqələndirirlər.

Satıcı Rafael İsmayılov: "Şəhərdə təlabat çox olduğuna görə mallar demək olar ki, digər rayonlara gedir. Ona görə də ətin qiyməti qalxır və bizdə ala bilmirik. Bizdə məcburuq ətin qiymətin 50 qəpik qaldıraq ki, öz tələbatımızı ödəyək.”

Qiymət artdığı bir vaxtda alıcılıq qabiliyyəti də aşağı düşüb. Satıcılar bu cür vəziyyətin bir müddətdir ki, davam etdiyini bildirir.

Satıcı Rafael İsmayılov: "Alıcılıq qabiliyyəti demək olar ki, yoxdur. Əvvəllər 60-70 kiloqramlıq mal ətini saat 12-yə qədər satırdıqsa, indi həmin çəkidəki mal ətini üç günə satıb qurtara bilmirəm. Yəni həftədə yeddi ədəd inək kəsirdimsə indi isə həftədə iki ədəd kəsirəm.”

Aqrar sahəni araşdıran mütəxəssislər isə hesab edirlər ki, ətin qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Yaxın vaxtlarda mal ətinin qiymətinin aşağı düşəcəyi gözlənilir.

.