Ölkədə xüsusi karantin rejimi tətbiq olunsa da, sərnişinlər avtobus və dayanacaqlarda sosial məsafəni gözləmir.

Bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, sərnişinlər dayanacaq və marşrutlarda sosial məsafənin saxlanması tövsiyələrinə etiraz edirlər:

"Səhər və axşam saatlarında avtobuslar məsafəli sərnişin daşıyarkən dayanacaqlardakı insanlar buna etiraz edirlər. Sərnişinlərə bir daha müraciət edirik ki, koronavirusdan qorunmaq üçün dayanacaq və avtobuslarda məsafə saxlasınlar. Karantin rejimində Bakıda sərnişin sıxlığı 30 faiz azalsa da, xarici ölkələrdə bu rəqəm 60-70 faizdir".

BNA: 65 yaşdan yuxarı avtobus sürücüləri xətdən çıxarılıb

Bakıda sərnişin avtobuslarında çalışan 65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb.

Bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, BNA sürücülərin koronavirusdan qorunması istiqamətində tədbirlər görür:

"Sürücü ilə sərnişin arasında arakəsmələrin yaradılması istiqamətində işlər görülür. Bilirsiniz ki, əhali ilə sıx əlaqədə olan sürücülər də risk qrupuna aiddir. Sürücülər hər gün tibbi yoxlanışdan keçirilir. Səhhətində problem olan sürücülər xətdən çıxarılır və evə göndərilir. Məsələn, "Bakubus" avtobuslarında 700 sürücü var. Əgər bir sürücüdə koronavirus aşkarlanarsa, 700 sürücü xətdən çıxarılacaq. Ona görə də sürücülərlə sərnişinlər arasında məsafə qorunmalıdır".

.