BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarı təyin olunub.

BMT Baş katibi Antonio Quterreş Baş Assambleyanın da təsdiqindən sonra avstriyalı Volker Turku yeni Ali Komissar təyin edib.

“Cənab Turk karyerasını ümumbəşəri insan hüquqlarının, xüsusən də dünyanın ən həssas insanlarının - qaçqınların və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq müdafiəsinə həsr edib”, - deyə BMT rəhbəri bildirib.

Komissar hazırda BMT-nin İcra Aparatında Baş katibin müavini kimi qlobal siyasət işini əlaqələndirir.

2019-2021-ci illərdə Volker Turk BMT Baş İdarəsinin İcra Aparatında Strateji Koordinasiya üzrə Baş katibin köməkçisi vəzifəsində çalışıb.

Bundan əvvəl o, 2015-2019-cu illərdə Cenevrədə BMT-nin Qaçqınların Müdafiəsi üzrə Ali Komissarının köməkçisi olub, Qaçqınlar üzrə Qlobal Sazişin hazırlanmasında mühüm rol oynayıb.

Karyerası ərzində yeni təyin olunmuş insan hüquqları üzrə rəhbər bir sıra mühüm vəzifələrdə, o cümlədən 2009-2015-ci illərdə Beynəlxalq Müdafiə Departamentinin direktoru vəzifəsində çalışdığı BMT QAK-ın qərargahında, 2008-2009-cu illərdə Təşkilati İnkişaf və İdarəetmə Direktoru vəzifəsində və 2000-2004-cü illərdə Mühafizə Siyasəti və Hüquq Məsləhətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Volker Turk, həmçinin Malayziyadakı Nümayəndəlik də daxil olmaqla, dünyanın fərqli nöqtələrində BMT QAK-da xidmət edib, müvafiq olaraq Kosovo və Bosniya və Herseqovinadakı missiya rəhbərinin köməkçisi; və Konqo Demokratik Respublikasında Regional Mühafizə Koordinatoru və Küveytdə çalışıb.

O, Vyana Universitetində beynəlxalq hüquq üzrə doktorluq, Avstriyanın Linz Universitetində hüquq üzrə magistr dərəcəsinə malikdir.

Volker Turk 1 sentyabr 2018-ci ildən 2022-ci il avqustun 31-dək Ali Komissar vəzifəsində çalışmış Mişel Başeletin yerinə keçəcək.

.