Gender üzrə Nəticə BMT-nin Azərbaycan Nümayəndəliyi üçün xüsusi önəm daşıyır. İlk dəfədir ki, biz çərçivə sənədinə bu önəmli məsələni ayrıca Nəticə sahəsi kimi daxil etməyə müvəffəq olmuşuq.

Bu haqda Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.

Onun sözlərinə görə, bunu etmək zərurəti ölkədə bu sahədə olan problemlər və zəruri strateji müdaxilələrin təcililiyinə görə yaranıb:

“Gender məsələlərini ayrıca nəticə sahəsi kimi çərçivə sənədinə daxil etməyimiz hökumət tərəfdaşlarımızın bu sahədə nümayiş etdirdiyi siyasi iradə və bu problemin kökündən həllini hədəf alması nəticəsində mümkün oldu. Sözügedən nəticə sahəsi ümumilikdə üç istiqamət üzrə fəaliyyətləri özündə əks etdirir. Bura gender bərabərliyi üzrə fəaliyyət planlarının tərtibi və icrası, gender stereotipləri ilə mübarizə, və hüquq və imkanların reallaşdırılması üçün qadın və qızların bilik və bacarıqlarının artırılması daxildir”.

Fərid Babayev qeyd edib ki, 2024-cü ildə icra ediləcək fəaliyyətlərin ümumi büdcəsi üçün BMT tərəfindən 848,754 ABŞ dolları, Avropa Komissiyası tərəfindən 407,192 ABŞ dolları və yeni donor qurumu olan Takeda tərəfindən 419,876 ABŞ dollarının sərf edilməsi nəzərdə tutulub:

“Bu vəsaitlərin ən böyük qismi müvafiq çərçivə sənədlərinin hazırlanması və zərərli sosial normalar və gender stereotipləri ilə mübarizəyə sərf olunacaq. Gender stereotipləri və zərərli sosial normalarla mübarizə üzrə təbliğat və təşviqat xarakterli medaxilələr də diqqət mərkəzində olacaq. Qarabağa qayıdacaq əhali və xüsusilə də gənclərin icma əsaslı fəaliyyətlərə cəlb edilməsi, habelə, gender bərabərliyinin münaqişədən zərər çəkmiş əhali arasında təbliğ edilməsi də hədəflərimiz sırasındadır. Uşaq hüquqları və qadınların səlahiyyətləndirilməsi üzrə maarifləndirmə kampaniyaları və təşviqat və qaçqın və sığınacaq axtaran qadınlar üçün bacarıqların artırılması təlimləri də planlarımız arasındadır”.

.