BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin baş katibi özü deyib.

"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.

"Mən Təhlükəsizlik Şurasının sədrinə öz narahatçılığımı ifadə etmək və müxtəlif addımlarla bağlı təklif vermək, zorakılığa son qoymaq və böhranın əsasını təşkil edən səbəblərə aydınlıq gətirmək üçün rəsmi məktub yazdım", — deyə Quterreş vurğulayıb.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini bildirib.

"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş əlavə edib.
.