BMT-də akkreditasiyadan keçmiş 8 jurnalist Gəncəyə səfər edib.
Jurnalistlər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.
Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
.
