Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"APA-Economics"in məlumatına görə, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya və Komissiyanın Katibliyi yaradılıb.
Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru
Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti
Komissiyanın Katibliyinin rəhbəri
Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.
Komissiyaya tapşırılıb ki, sərəncamda qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın Katibliyinin formalaşdırılmasını təmin etsin, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, sərəncamda müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Müəyyən edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə, onların təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla, Komissiyanın sədri tərəfindən təsdiq olunur, sərəncamda nəzərdə tutulmuş təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qrupları yaradıla bilər.
Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
İlham Əliyev növbəti fərmanı "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanununun tətbiqi barədə olub.
APA-nın məlumatına görə, fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Sənədlə üəyyən edilib ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5, 16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində, 17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3, 24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
.
