Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rüxsarə Əliyeva ifadə verib.
O bildirib ki, Bakı İqtisadiyyat və Humanitar Kollecində direktor vəzifəsində çalışır. Zərərçəkmiş qeyd edib ki, S.Əliyev mətbuatda barəsində xoşagəlməz yazılar yazıb: "Mən özüm Surxay Əliyevlə danışdım. Əvvəl onu acıladım. Sonra Surxay Hikmət Nəcəflini yanıma göndərdi. Surxay dedi ki, "600 manat pul ver, yazıları çıxardım". Mən də Hikmətə 200 manat pul verdim".
Daha sonra digər zərərçəkmiş Vasif Məmmədov dindirilib. O söyləyib ki, Tovuzda 8 saylı yaşıllaşdırma idarəsinin rəhbəri vəzifəsində işləyir: "Mətbuatda mənim haqda yazılar çıxdı. Sonra Hikmət Nəcəfli məndən 1000 manat pul istədi. Ona pul vermədim. Bir qədər keçəndən sonra "Nəşiriyyat"da Surxay Əliyev və Hikmət Nəcəfli ilə görüşdüm. İmkanım yox idi deyə, pul vermədim. Bakıya gedib, onlarla görüşməkdə məqsədim yazıların araşdırılması olub. Hətta bir neçə şəxsə də xahiş etdim ki, Surxaygil haqqımda yazıları dayandırsın".
V.Məmmədov ifadəsində vurğulayıb ki, S.Əliyevlə H.Nəcəfli onu şantaj edib, nüfuzunə xələl gətirib.
Zərərçəkmiş Rasim Hüseynov dindirilən zaman qeyd edib ki, 2014-cü ildə H.Əliyev ona zəng edib: "Məndən təxminən 1500 manat pul istədi ki, haqqımda yazılar yazmasınlar. Pulu bankdan çıxarıb, göndərdim, hərdən də 150 manat pul verirdim. Bir il keçəndən sonra yenə məndən pul istədilər, amma vermədim. Bu barədə Mətbuat Şurasına müraciət etdim. Rəhim müəllim dedi ki, "hər şey qaydasına salınacaq". Bir qədər keçəndən sonra bir xanım gəldi və yazılara görə pul istədi. O, yanımda Hikmət müəllimlə danışdı. Sonra 500 manatı onlara göndərdim. Marif Abbasova da pul verdim ki, haqqımda yazılar yazmasın".
Zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Daha sonra bir neçə şahid dindirilib. Onlar istintaqa verdikləri ifadələri təsdiq etdiklərini söyləyib.
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.
.
