Bu gün "Azadinform” İnformasiya Agentliyinin yaranmasından 18 il ötür.
Media qurumunun baş redaktoru Niyaz Niftiyev BakiPost.az-a açıqlamasında bildirib ki, 18 il bir informasiya agentliyinin davamlı fəaliyyəti üçün böyük rəqəmdir: "Biz fəaliyyətə başlayanda 3, ya da 4 bu tip media qurumu var idi. Düşünürəm ki, siyasi proseslərin çox gərgin zamanına təsadüf edən bu başlanğıc uğurlu olub. Fasiləsiz olaraq çalışmışıq. Bu gün də Azərbaycan, rus və ingilis dillərində xəbər yayımının davam etdiririk.
"Azadinform”a bu zaman ərzində gəlib-gedən həmkarlarımızın sayı yüzlərlədir. Onlar bu gün də Azərbaycanın müxtəlif aparıcı sayt və qəzetlərində çalışırlar. Hər birinin "Azadinform”un inkişafında və ayaqda qalmasında xidmətləri var. Fikirləşirəm ki, bu 18 ildə sırf xəbər istehsalı ilə məşğul olmuşuq. İstər mənə qədər, istərsə də mənim baş redaktorluğum dövründə media ilə bağlı qanunvericilikdən kənar informasiya istehsalını xatırlamıram. Müsahibələrimiz, reportajlarımız və digər layihələrimizlə oxucunu maarifləndirməyə çalışmışıq.
Hesab edirəm ki, medianın işi ilk növbədə maarifləndirməkdir. Əgər media kütləvi auditoriya üçün nəzərdə tutulubsa, burda biznes maraqları üçüncü və ya dördüncü sırada gəlməlidir”.
Niyaz Niftiyev qeyd edib ki, hər bir media qurumu daha yaxşı maddi və texniki imkanlara sahib olmaq arzusundadır: "Bu imkanlar həmin media qurumuna uğurlu layihələrin icrasına birbaşa dəstək verir, həm də əməkdaşlarının maddi vəziyyətini yaxşılaşdırır. Biz də imkanlarımız daxilində gündəmi tutmağa çalışırıq. Birmənalı olaraq xəbər siyasətimizdə, informasiyanın təqdimatında hay-küyə yer yoxdur. Oxucu toplamaqdan ötrü müxtəlif sivil vasitələrdən istifadə etməyə çalışırıq. Amma bunun üçün qayda-qanunları və dəyərləri arxa plana keçirmirik. Hər halda mənim və kiçik kollektivim üçün belə işləmək daha rahatdır”.
Yenizaman.az
.
