Bakıda bir nəfəri öldürüb, digərinə xəsarət yetirən Rahib, Ramil və Qorxmaz Lətifov qardaşlarının cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zamində olan təqsirləndirilən şəxs - Qorxmaz Lətifov barəsində həbs qətimkan tədbiri seçilib.
Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb Qorxmaz Lətifovun məhkəmə zalında zərərçəkmiş şəxslə mübahisə etməsi olub.
Xatırladaq ki, rəsmi məlumata görə, 2021-ci ilin noyabrın 27-si saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.