Elektrik və internet tez-tez kəsilir, oğurluq baş alıb gedir, müraciətlərə isə cavab verilmir

"Binə” Ticarət Mərkəzində sahibkarlarla rəhbərlik arasında problem yaranıb. Bazarda çalışan iş adamlarının verdiyi məlumata görə, orada fəaliyyət göstərən ticarətçilərə qarşı kampaniya başlayıb.  
Belə ki, bazar daxilində bütün xidmətləri monopoliyaya alan rəhbərlik dükanlara elektrik enerjisinin verilişində mütəmadi olaraq məhdudiyyətlər yaradır, interneti tez-tez kəsir. 

Söhbət etdiyimiz ticarətçilər əziyyət çəkdikləri başqa problemlərdən də danışdılar. 

Ticarətçilər "Binə” Ticarət Mərkəzində dükanların saat 07:30-da açıldığını deyirlər. Yəni bazarda həmin vaxtda iş saatı başlayır. Amma bazar rəhbərliyi işığın qiyməti bahalaşandan sonra eklektriiki saat 08:00-da verir. Bazarda iş saatı 18:00-a kimi davam edir. Bu müddət ərzində də dükanlara elektrik enerjisinin verilişində mütəmadı məhdudiyyətlər yaranır. İşığın tez-tez sönməsi nəticəsində bazara gələn az sayda müştərilər də "Binə”ni tərk edir, yaxınlıqda yerləşən iri ticarət mərkəzilərindən olan "Sədərəy”ə üz tuturlar.

Ticarətçilər elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bazar rəhbərliyinə edilən müraciətə bəhanə dolu cavab verirlər: "Guya generator yüklənib. Hər dəfə işıq sönəndən 20-25 dəqiqə sonra yanır. 

 "Binə”də olan dükanlarda işıq sayğacı yoxdur. Elektrik enerjisinin qiymət artmazdan öncə bazar rəhbərliyi hər lampaya görə ticarətçidən 5 manat alırmış. İndi isə sahibkarlardan 7-8 manat tələb olunur. Kondisoner üçün isə 100-120 manat pul ödənilməlidir. Məbləğ sıralara əsasən dəyişir.
Bazarda hər dəfə işıq sönəndə təbbi ki, internet də kəsilir. Amma internet xidmətində olan problem bununla bitmir. İnternet xidməti "Binə”nin monopoliyasındadır. 

Ticarətçilər hər ay internet xidməti üçün bazar rəhbərliyinə 25-35 manat ödəyirlər. Amma dükanlara verilən internet ticarətçilərin  sözü ilə desək "5 manatlıq internetdir”. İnternet onların fəaliyyətində çox vacibdir. Çünki internet vasitəsi ilə fəaliyyətini qurublar, alış-satışı həyata keçirirlər. 
Ticarətçilər deyir ki, elektrik enerjisindən asılı olmayan səbəbdən də internet tez-tez kəsilir. Üstəlik, internetin sürəti çox aşağı səviyyədədir. Bu problemlərlə bağlı bazar rəhbərliyinə edilən maraciətə isə absurd cavab verilir: "İnternetdən istifadə edənlərin sayı çox olduğu üçün məhdudiyyətlər yaranır”. 

Ticarətçilər deyir ki, bundan öncəki inernet provayderin xidmətində problem yaşanmırdı. Əvvəlki internet provayder də indiki kimi şirkət kimi bazar rəhbərliyi vasitəsi ilə ticarətçilərə internet satıb. Amma ticarətçiləri keyfiyyətli internet xidməti ilə təmin edib. 

Söhbət etdiyimiz ticarətçilərin dediyinə görə, bazar rəhbərliyinin monopoliyaya aldığı sahələr bununla da bitmir. "Binə”də yerləşən hər hansı bir dükanda texniki problem olarsa, ticarətçi bazara kənardan usta gətirib onun xidmətindən istifadə edə bilməz. Mütləqdir ki, bu kimi işləri bazar rəhbərliyinin nəzarətində olan ustalar görməlidir. 

Onu da öyrəndik ki, bazarda "yer pulu” sıralardan asılı olaraq 500-900 manat arasında dəyişir. Üstəlik, mühafizə xidməti üçün hər ayda 10 manat bazar rəhbərliyinə ödəniş edilir. 

Buna baxmayaraq, ticarətçilər oğurluq hadisələrindən zərər çəkirlər. Xüsusən, iş saatından sonra dükanların üzərində olan kondisionerlərin motorları oğurlanır. Ticarətçilərin onlara dəymiş zərər barədə bazar rəhbərliyinə etdiyi müraciət nəticəsiz qalıb. Belə ki, zərərçəkənə nə oğurlanmış əmlakı tapılıb qaytarılır, nə də kompensasiya ödənilir. 

"Binə” Ticarət Mərkəzinin ticarətçiləri aldatması bununla da bitməyib. Belə ki, bazar rəhbərliyinin ticarətçilərə verdiyi vədə görə, "Binə”yə paytaxtın mərkəzindən "Baku Bus” avtobuslarının marşrut xətləri açılacaq. Bunun üçün bazar ərazisində dayanacaq tikilsə də, həmin avtobusları ticarət mərkəzinə gəlməyiblər.

Ticarətçilər onu da deyirlər ki, Bakının bütün rayonlarının ərazisindən "Binə”yə marşrut xətti işləmir. Üstəlik, paytaxtda əhalinin sıx yaşadığı ərazilərdən keçərək bazara gələn "207” nömrəli marşrut xətti də bağlanıb.  
.