ABŞ-da prezident seçkiləri öncəsi 2 aparıcı siyasi partiya arasında qarayaxma kampaniyası davam edir. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu dəfə ittihamlar ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı, ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klintonun ünvanına səslənib. İttihamı səsləndirən isə 1978-ci ildə Arkanzas ştatında qocalar evinin müdiri vəzifəsində çalışan Huanita Broderik olub.


Bill Klinton tərəfindən zorlandığını və bütün bunlardan Hillarinin xəbərdar olduğunu deyən Huanita başına gələn hadisələr barədə müsahibə verib. O bildirib ki, Bill Klinton hələ ştatın Baş prokuroru vəzifəsində çalışarkən qocalar evinə baş çəkib. Huanita ona sanatoriyada vəziyyətin ağır olduğundan bəhs edib. Büdcənin azlığından şikayət edən Huanita bu səbəbdən insanlara lazımi keyfiyyətdə xidmət göstərə bilmədiklərini qeyd edib. Bunun qarşılığında Klinton onunla şəxsi görüşməyi və bütün bu məsələləri müzakirə etməyi təklif edib. 

Görüş 1 ay sonra baş tutub. Klinton öncə kafedə görüşməyi təklif etsə də, buranın səs-küylü olduğunu əsas gətirərək Huanitaya otel otağında söhbətləşməyi məsləhət bilib. Həmin an heç nədən şübhələnməyən Huanita onunla burada görüşməyi qəbul edib.

Huanita iddia edir ki, həmin görüş Klinton tərəfindən zorlanması və şiddət görməsiylə yekunlaşıb. Onun sözlərinə görə, Klinton bütün bu baş verənlərə adi hal kimi yanaşıb. Otel nömrəsini tərk edərkən zorlama zamanı dodaqlarına vurduğu üçün üzünə buz qoymağı da məsləhət görüb.

Huanitanın iddialarına əsasən, o, qorxduğu üçün heç kimə şikayət etməyib. Belə ki, qız Baş prokurordan şikayət etməyin ancaq öz zərərinə olacağını düşünüb. Huanita hadisənin üzərindən illər keçsə də, susqunluğunu qoruduğunu bildirib. Lakin Klintonla bağlı istintaq başladığı zaman artıq bir neçə ildir ki, baş verənlərdən xəbərdar olan oğlu ona danışmağı məsləhət bilib. Huanita həmin vaxt artıq prokuror olan oğlunun sözünə qulaq asıb.

İddialara görə, Klintona qarşı ifadə verdikdən 3 həftə sonra o, Hillari Klintonla görüşüb. Məclislərin birində Huanita ilə tanış olan Hillari öncə onunla tanışlığına çox şad olduğunu və ərinin kampaniyası zamanı gördüyü işləri yüksək qiymətləndirdiyini qeyd edib. Lakin sonra onun qolundan çəkərək asta səslə "Ümid edirəm ki, siz nə etdiyinizi başa düşürsünüz”, - deyə bildirib. Huanita iddia edir ki, bu sözlər Hillarinin hər şeydən xəbərdar olduğunu göstərir və təhdid xarakteri daşıyır.

.