Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycanda səfərdə olan 20-dək ölkənin xarici media nümayəndələri və ekspertlərdən ibarət heyət "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar.
Sərgi Heydər Əliyev Mərkəzində təşkil olunub.
Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub.
Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Beynəlxalq Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.
Qeyd edək ki, Beynəlxalq Media Forumu sabah, iyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Şuşa şəhərində təşkil olunacaq.
.