Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Zümürxan və İmamqulubəyli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Hacıqabulda restoran inzibatçısı cəzalandırılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Allahqulubağı, Qoruqbağı və Sarıqaya kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri Ç.Abbasov, Ə.Kərimov və A.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

.