Belarusda müxalifətin Koordinasiya Şurasının yaradılması ilə əlaqədar cinayət işi açılıb.

RİA Novosti verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokuroru Aleksandr Konyuk bildirib.

"Koordinasiya Şurasının yaradılması və fəaliyyəti dövlət hakimiyyətini ələ keçirmək, eyni zamanda Belarus Respublikasının milli təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır. Bu faktla bağlı Cinayət Məcəlləsinin 361-ci maddəsi ilə cinayət işi açılıb", - deyə baş prokuror vurğulayıb.

"Milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş fəaliyyətə çağırışlar" maddəsi ilə ittiham olunanlara 5 ilə qədər həbs cəzası verilə bilər.

Qeyd edək ki, Belarusda Prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs əsasında Belarus müxalifətinin Koordinasiya Şurası yaradılıb. 

Yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç, hüquqşünaslar Liliya Vlasova və Maksim Znak, Minsk Traktor Zavodunun tətil komitəsinin nümayəndəsi Sergey Dilevskiy, Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova, S. Tixanovskayanın müttəfiqi Mariya Kolesnikova və Yanka Kupala teatrının keçmiş baş direktoru Pavel Latuşko İdarə Heyətinin üzvü seçiliblər.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.
 

.