Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Ukrayna ilə həmsərhəd Qomel vilayətində yaradılan 37-ci desant-hücum briqadasının formalaşdırılması prosesini başa çatdırır.
Bu barədə "VoenTV"-yə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç məlumat verib.
Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın yaradılmasına 2025-ci ilin avqustunda başlanıldığı elan edilib. Həmin vaxt Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsini tutan general-mayor Vadim Deniseko bildirmişdi ki, bu addım cənub sərhəd istiqamətinin gücləndirilməsi məqsədilə atılıb.
Aleksandr İlyukeviç deyib ki, artıq bir sıra hərbi hissə və bölmələr formalaşdırılıb:
"Artıq şəxsi heyət hərbi xidmətə çağırılıb, zabit heyəti komplektləşdirilib və onların təyinatı üzrə istifadəyə hazırlanması istiqamətində planlı hazırlıq prosesi davam edir. Gələn il isə bu bölmələrin və hərbi hissələrin daimi dislokasiya məntəqələrinə köçürülməsini planlaşdırırıq".
.
