İllərdir 99 saylı orta məktəbin yanında bazar fəaliyyət göstərir.
Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsində yerləşən məktəbin arxa qapısı ticarət obyektləri olan hissəyə açılır. Şagirdlər təhsil ocağının əsas giriş qapısından olduğu kimi, oradan da istifadə edirlər. Bu da həmin ərazidə sakinlərin hərəkətinə çətinlik yaradır. Qəsəbəlilər isə vəziyyətin belə olmasından gileylənir.
Sözügedən əraziyə yaxın ünvana yaşayan Vaqif kişi deyir ki, bazarın burada salınması qalsın bir tərəfə, satıcılar meyvə-tərəvəz yeşiklərini mağazalarının önünə qoyur: "Hətta bəziləri bu azmış kimi, yolun əks tərəfinədə atır. Belə olan halda, həmin hissədən keçmək mümkün olmur. Məcbur olub arxa yoldan istifadə edirik.
Biz heç kimin çörəyinə bais olmaq istəmirik. Sadəcə, istəyimiz ondan ibarətdir ki, bazarı burada salıblar, heç olmasa yeşikləri yola atmasınlar. Bazarda olan səs-küy, ab-hava da hamıya məlumdur", - deyə sakin bildirir.
Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəllər bu qədər obyekt olmadığından vəziyyət də belə xoşagəlməz deyildi."Yavaş-yavaş başladılar ucdantutma tikməyə. Məktəbin qapısından çıxırsan, yolun sağı da, solu da mağazalarla doludur", - deyə onlar bildirir.
Mövzuyla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğu cavabsız qaldı.
Samir Mirzə







