“Biz Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin təmin olunması, habelə ikitərəfli ticarət və sərmayələrin təşviqi üzrə güclü tərəfdaşa çevrilmişik. Beynəlxalq Xəzər Neft və Qaz sərgisini keçirdiyiniz bir vaxtda Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”.

Bu, ABŞ Prezidenti Cozef Baydenin 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında oxunan məktubunda əksini tapıb.

“Biz dünyanın hər yerində enerji təhlükəsizliyimizi təmin etmək və eyni zamanda, təmiz enerjiyə keçid üçün uzunmüddətli öhdəliklərimizi yerinə yetirmək məqsədilə zəruri sərmayələr qoymaq və dəyişikliklər etmək şəraitindəyik. Enerji təhlükəsizliyi məqsədlərimizə nail olmaq üçün şaxələndirmə həmişəkindən daha vacibdir və Azərbaycan bu məqsədə nail olmaq üçün göstərilən regional səylərdə mühüm rol oynayıb. Azərbaycan, həmçinin regionda və dünyada bazarların sabitləşdirilməsinə kömək etmək üçün Trans-Xəzər əməkdaşlığının böyük potensialının gerçəkləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizi və Ukraynaya vacib yanacaq təchizatı da daxil olmaqla Avropa enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır.

Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə sərmayələr vasitəsilə iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə, qanunun aliliyi və hesabatlılığın gücləndirilməsi, habelə Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılması da daxil olmaqla Azərbaycanın tam potensialına nail olmaq üçün atdığınız davamlı addımları alqışlayıram. Birləşmiş Ştatlar davamlı tərəfdaşlığımıza və əməkdaşlığımıza sadiqdir”, - məktubda qeyd olunub.
 

.