ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.

Bu barədə ABŞ Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya gedəcəyəm”, - Bayden qeyd edib.

Daha əvvəl ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

.