Şakir Ağayev: "Özlərinə məxsus olan keyfiyyətləri başqalarına sırımaq cəhdidir”
"Yeni bir siyasi qurum meydana çıxan kimi, partiya hələ fəaliyyətə başlamamış, proqramını açıqlamamış necə yarlıq yapışdırmaq olar?!”
Məlum olduğu kimi Ədliyyə Nazirliyi iki siyasi partiyanın - Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasını rəsmən qeydiyyata alıb. Nazirlikdən vurğulanıb ki, partiyaların qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib. Bununla bağlı, Nazirliyin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. İki siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması əksəriyyət tərəfindən yüksək qiymətləndirilib. Bu addım çoxpartiyalı sistemin inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət kimi dəyərləndirilib. Lakin sosial şəbəkədə Musa Ağayevin rəhbərlik etdiyi Yeni Zaman Partiyası barədə neqativ fikirlər də səsləndirilib. Bəzi sosial şəbəkə istifadəçiləri YZP-nın qeydiyyata alınmasını "ruspərəstlər siyasətə daxil olur”, rusiyameyilli qüvvələrə qapılar açılır” kimi ifadələrlə ciddi tənqid ediblər.
İttihamlarla bağlı "Sherg.az”a danışan "Novoya vremya” qəzetinin baş redaktoru, Yeni Zaman Partiyasının tərəfdaşı Şakir Ağayev təəssüflə bildirib ki, sosial şəbəkədə bəzi adamlar ağlına gələni yazırlar. Baş redaktor bildirib ki, baxmayaraq ki, sosial şəbəkəsiz həyatı təsəvvür etmək mümkün deyil, amma bəzən bu platformanı "zibil yeşiyinə” döndərirlər:
"Bu cür ittihamlar irəli sürən, belə sözlər yazanların çoxu qaragüruhçu kütləni təmsil edənlərdir. Onların hamsının beynində o məsələ var ki, onlardan başqa heç kim siyasi partiya yarada, qeydiyyatdan keçə, müxalif cəbhəni tuta bilməz. Sanki bu məsələyə bir bazar kimi baxırlar və hesab edirlər ki, o bazara kənar adam girməməlidir. Çox təəssüflər olsun ki, siyasi islahatlar olanda, hansısa partiya təsis ediləndə və ya qeydiyyatdan keçəndə dərhal müəyyən yarlıqlar vurmağa başlayırlar. "O oranın adamıdır, buranın adamıdır” kimi sərsəm fikirlər ortaya atırlar. Hər kər öz arşını ilə ölçür. Ola bilər, onların özləri kiminsə adamıdır. Yeni bir siyasi qurum meydana çıxan kimi, partiya hələ fəaliyyətə başlamamış, proqramını açıqlamamış necə yarlıq yapışdırmaq olar?! Bu, ancaq xəstə təxəyyülün məhsuludur. Özlərinə məxsus olan keyfiyyətləri başqalarına sırımaq cəhdidir. Partiyaları qeydiyyata almayanda bir söz deyirlər, alanda isə başqa söz söyləyirlər. Ölkəmizdə siyasi islahatlar gedir. 13 il qeydiyyatsız qalan bir partiya ölkə rəhbərliyinin siyasi iradə ortaya qoyması və dialoğa çağırış etməsi fonunda qeydiyyata alınıb. Məgər burda pis nə var ki?”.
Ş.Ağayev Yeni Zaman Partiyasının mövqeyi barədə də danışıb:
"Yeni Zaman Partiyası ilk növbədə Azərbaycanın milli və dövlət maraqlarını ön planda tutur. Qaldı ki, Azərbaycan-Rusiya münasibətlərinə, partiya bu münasibətlərə çox yaxşı baxır. Hər iki ölkənin dövlət başçısı ikili əlaqələri strateji səviyyəyə qaldırıb. Azərbaycan-Rusiya arasında çox geniş siyasi, iqtisadi, humanitar əlaqələr mövcuddur. Heç kimə sirr deyil ki, Rusiya Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupunun üzvüdür və prosesdə aparıcı rol oynayır. Yeni Zaman Partiyası bu münasibətlərin daha da inkişafında maraqlıdır. O cümlədən, texnologiya və insani dəyərlər baxımından Avropanın da dəyərlərini qiymətləndirir və Qərbə inteqrasiyanı dəstəkləyir. Yəni Azərbaycanın maraqları nəyi tələb edirsə, partiya onu müdafiə edir. Lakin nəzərə alaq ki, Rusiya böyük bir dövlətdir. Həm regionda, həm də dünyada bu ölkəsiz problem həll olunmur. Son hadisələr də bunu sübut edir. İndi gəlin görək, qonşu Rusiya ilə dostluq etmək Azərbaycana xeyir verər, yoxsa konfliktik yaratmaq? Təbii ki, dostluq etmək daha məqbul və faydalıdır”.
Baş redaktorun fikrincə, hər məsələdə Rusiyanı günahkar bilərək böyük bir dövləti özümüzə qarşı çevirmək Azərbaycanın milli maraqlarına cavab vermir:
"Rusiyada 3 milyon azərbaycanlı yaşayır. Milyonlarla insan qonşu Rusiyada çörək pulu qazanır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox istifadə olunduğu ölkə də Rusiyadır. Avropaya bizim kənd təsərrüfatı məhsullarımız lazım deyil. Çünki onların öz fermer təsərrüfatları var. Ancaq biz Moskva ilə əməkdaşlıqdan xeyli maddi vəsait, qazanc əldə edirik. Bu halda əlaqələrimizi niyə pisləşdirməliyik?! Azərbaycanda demək olar ki, hər kəsin rus dilini bilməsi də bizim üçün xeyirdir. Çünki dünya informasiya məkanına daha çox rus dili üzərindən çıxırıq. Bu obyektiv reallıqları nəzərə almaq lazımdır. Yeni Zaman Partiyası da bu reallıqları nəzərə alır və Azərbaycanın milli, dövlət maraqlarından çıxış edir”.
.