Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb. 

Atılmış raketlərdən biri partlamayıb, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olub, digəri isə yaşayış evinə düşüb.

Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri - 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
 

.