Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

Bu Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

.