Azərbaycan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropa İttifaqına (Aİ) “yaşıl enerji” tədarükü layihəsi üzrə aktiv iş görür.

Bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Aİ üçün Qafqaz regionundan Avropaya yaşıl enerji tədarükü çox vacibdir, bu, meqa-Avropa layihəsidir. Mən bu layihənin həyata keçirilməsi istiqamətində çox aktiv fəaliyyət göstərən Gürcüstanın Baş nazirinə və onun hökumətinə təəşəkkür etmək istərdim. Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə işləyirlər, bizim həmçinin birgə təşəbbüsümüz var və bu, çox həlledici addımdır. Mən ümid edirəm ki, bu, Aİ ərazisindəki ən uğurlu layihələrdən biri olacaq”, - Orban deyib.

Qeyd edək ki, 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Rumıniyanın paytaxtı Buxarestdə, Kotroseni Sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. Mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.

.