"Bu il 32-ci ildönümünü qeyd etdiyimiz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə fəaliyyəti dövründə məqsədinə çatıb".

Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycanın quruma sədrlik etməsi olduqca mühüm hadisədir: "Azərbaycan Asiya ölkələrinin böyük əksəriyyətinin üzv olduğu AQEM-in fəaliyyətinə böyük töhfə verir. İnanırıq ki, bu töhfələr ölkənizin quruma sədrliyi dövründə davam etdiriləcək. Çünki Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda olduqca əhəmiyyətli yerə malikdir. Azərbaycanın sədrlik müddətində əsas prioritetlərindən biri Asiyanın beynəlxalq əhəmiyyətli məsələlərdə artan rolunun daha da yüksəlməsinə mühüm töhfələr vermək olacaq. Bu gün AQEM qlobal səviyyədə mediasiya fəaliyyəti ilə də məşğuldur. Bu səbəbdən də təşkilata üzv ölkələrin qlobal siyasətdə iştirakının artırılması daha da zəruridir. Ümid edirik ki, bundan sonrakı dövrdə də qurumun instusional cəhətdən inkişafı üzrə də işlər görüləcək. Onlardan biri də qurumun yeni nizamnaməsinin qəbulu zərurəti ilə bağlıdır. Bu zərurət dünyada baş verən geosiyasi dəyişikliklər nəticəsində ortaya çıxıb".

AQEM-in Baş katibi: "Azərbaycanın uğurlu hərbi əməliyyatı nəticəsində Qarabağ münaqişəsi tarixə qovuşdu"

"Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində regionda uzun müddət davam edən Qarabağ münaqişəsi tarixə qovuşdu".

Bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay deyib.

O vurğulayıb ki, hazırda bölgədə icra olunan postmünaqişə dövrü layihələri diqqətlə izlənilir: "Təşkilatın əsas prioritetlərindən biri hərbi-siyasi əməkdaşlığın gücləndirilməsidir. Xüsusilə də dünyadakı geosiyasi dəyişikliklər fonunda bu çox vacibdir. Xüsusilə də Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsinin həlli üzrə həyata keçirdiyi tədbirlər nəticəsində regionda bir münaqişə tarixə qovuşdu. Hazırda isə bölgədə postkonflikt dövründə reabilitasiya tədbirləri həyata keçirilir. Onu da qeyd edim ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də vacibdir. Çünki həm Qazaxıstan, həm də Azərbaycan böyük qlobal nəqliyyat şəbəkələrinin üzərində yerləşir. Bu baxımdan təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq imkanlarının daha da artırılması zərurəti yaranıb".

Baş katib: AQEM çərçivəsində Ələt Azad İqtisadi Zonası ilə bağlı əməkdaşlıq mühüm əhəmiyyət daşıyır

"AQEM ölkələri arasında mədəniyyət, ekologiya, eləcə də vətəndaş cəmiyyətinin inkişafına da diqqət yetirir".

Bu sözləri AQEM-in baş katibi Kayrat Sarıbay söyləyib.

"AQEM çərçivəsində həmçinin Ələt Azad İqtisadi Zonası ilə bağlı əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən ekoloji mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə də təşkilatın prioritetini təşkil edir. Bu baxımdan yay aylarında AQEM çərçivəsində ekoloji əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə ayrıca görüşün keçirilməsi nəzərdə tutulur", - Baş katib deyib.

O əlavə edib ki, təşkilata üzv ölkələrin xarici işlər nazirləri ötən il dayanıqlı inkişafın təminatında könüllülük fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib: "Quruma üzv ölkələrin işçi qruplarının gərgin əməyi nəticəsində AQEM-ə üzv ölkələrdə fəaliyyət göstərən universitetlərin tərəfdaşlıq şəbəkəsinin yaradılması ilə bağlı razılıq əldə olunub. Biz o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində də birgə fəaliyyəti razılaşdırmışıq. Eyni zamanda qlobal terror təhlükəsi ilə mübarizə üzrə də birgə əməkdaşlıq ilə bağlı konsensus əldə edilib".

.