Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab” a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib.  Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib.  Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev,  Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib.  A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda  meşəyə gedərkən orada qonur ayı balalarını görərək  özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq  bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə  Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 

.