Bakıya külli miqdarda narkotik vasitə və həblər gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsi həmin narkotik vasitəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və Bakı şəhəri ərazisinə çatdırmaq tapşırığı aldığı müəyyən edilib.

A.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

.