Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.
Yenizaman bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərnişin daşınır.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.
.