Daxili İşlər Nazirliyi Bakıda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

.