Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir.Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Xəzər Xəbər-ə açıqlamasında deyib ki, mövcud qanunvericiliyə görə, orqan satışına cəhd edənlər cinayət məsuliyyəti daşıyırlar. Gələcəkdə bu məsələdə qanun daha da sərtləşəcək. Burada söhbət transplantasiya prosesində iştirak edən bütün tərəflərin məsuliyyətindən gedir.
Musa Quliyev deyir ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsinin hələ də həllini tapmaması qanuna yenidən baxmaq zərurətini ortaya çıxarıb. "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanununa ediləcək dəyişikliklərdə məhz meyitdən orqan götürülməsi məsələsi də öz əksini tapacaq.
