Elmi-Praktiki Hemofiliya Mərkəzində hazırda 1554 hemofiliyalı xəstə qeydiyyatdadır. Hər il 40-50 yeni xəstə qeydiyyata götürülür. Xüsusilə Bakı, Sumqayıt və Aran bölgəsində hemofiliyalı xəstələrin sayı artıb.
Virtualaz.org saytı xəbər verir ki, bunu mərkəzin rəhbəri Elmira Qədimova Dünya Hemofiliya Günü ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.
E.Qədimova deyib ki, ötən il ölkədə 69 hemofiliyalı xəstə ilkin qeydiyyata alınıb. "Bakı üzrə 738, Sumqayıtda 76 xəstə qeydiyyatdadır. Xəstələrin 113-ü 1-5 yaş, 222-si isə 5-15 yaş arasında olanlardır”, -mərkəz rəhbəri qeyd edib.
Hazırda dünyada 400 000-dən çox hemofiliyalı xəstə var. Direktor deyib ki, xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir: "Dünyada 80 faiz xəstələr dərmanla təmin olunmur. Lakin 20 faiz ölkələr hemofiliyalı xəstələri dərmanla təmin edir. Azərbaycan da bu ölkələrin siyahısına daxildir. Ölkədə "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş xəstələrə qayğı” dövlət proqramı icradadır”.
