Bakıda süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına məxsus süd məhsullarının emalı müəssisəsində planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, qida obyektində texnoloji ardıcıllıq proseslərinə, mayaların saxlanma temperaturuna, mal qonşuluğu və etiket qaydalarına riayət olunmadığı, qəbul edilən təbii südün fiziki-kimyəvi göstəricilərinin yoxlanılmasının və qeydiyyatının aparılmadığı aşkarlanıb.

Həmçinin, mexaniki havalandırma sistemlərinin təşkil olunmadığı, işçi masaların, qazanların və qablaşdırma avadanlığının korroziyaya uğradığı, yuyucu maddələrin və dezinfeksiya vasitələrinin saxlanılması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi məlum olub. Müəssisədə çalışan işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb. Eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsinə dair arayış və dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair sənəd yoxlamaya təqdim edilməyib.

Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

.