Abşeron rayonuna Hökməli, Qobu, Güzdək, Qaradağ istiqamətindən gedən magistral yol sürücüləri və sərnişinləri sözün həqiqi mənasında ölümə aparır.
Axşam saatlarında bu yoldan keçənlərə də məlumdur ki, "Sulutəpə dairəsi”ndən sonra yolları bürüyən zülmət bu qəsəbələrdən keçərək kilometrlərlə davam edir.
Bakı-Sumaqayıt yolu boyunca quraşdırılan işıq dirəkləri qəsəbələrə doğru getdikcə yoxa çıxır. Adlarını çəkdiyimiz qəsəbələrin yol kənarlarında tək-tük işıq dirəklərinə rast gəlirik. Bu dirəklər isə görüntü xatirinə qoyulduğu üçün ətrafı normal işıqlandırmır. İşıq dirəklərinin azlığı həm sürücüləri, həm də piyadaları təhlükəyə atır. Bu səbəbdən yolda tez-tez bədbəxt hadisələr baş verir.
Yerüstü piyada keçidləri olmadığından piyadalar keçid zolaqlarından istifadə edirlər. Sürücülərin zülmət qaranlıqda piyada keçidini görməsi isə mümkünsüzdür. Bu səbəbdən sürətlə gələn avtomobillərin piyadaları vurma ehtimalı artır. Yəni bu yolda ölüm gözlə qaş arasındadır.
Hökməli qəsəbəsində taksi sürücüsü işləyən Amid Əhmədov yolların təhlükəsindən danışaraq deyir ki, yola bələd olmayan adamın buradan salamat keçməsi böyük şansdır: "İllərdir ki, bu yollarda taksi sürücüsü işləyirəm. İndi bir az düzəlib. Əvvəllər hər gün qəza olurdu. Heç piyada xətləri də yox idi. 1-2 ay olar ki, magistral yolda təmir işləri apardılar. 8 metrlik yolun arasına səki qoydular. Tez-tez qarşı tərəfdən gələn avtomobillər toqquşurdu. İndi hər istiqamətdə hərə öz yolu ilə sürür. Təhlükə riski xeyli azaldı”.
Magistral yolun sol istiqamətində iki qəsəbə yerləşir ki, bu qəsəbələrin ara yollarında da vəziyyət bərbaddır. Bir tərəfdən asfalt örtüyünün dağılmış vəziyyətdə olması, digər tərəfdən isə zülmət qaranlıq insanları vahiməyə salır. İnsanlar yol kənarları ilə gedərkən ehtiyat edirlər.
Yaşayış evlərinin yola yaxın olması isə durumu daha da təhlükəli edir. Hökməli qəsəbəsinin sakinləri ən çox bu yoldan istifadə edən məktəbli uşaqlar üçün narahat olduqlarını deyirlər.
Ən dəhşətlisi odur ki, bu yollardan marşrut avtobusları da istifadə edir. Axşam saatlarında qəsəbələrarası və şəhərdən qəsəbələrə xidmət göstərən marşrut avtobusları qaranlıq yollardan keçməli olur. Bu zaman isə kiçik bir diqqətsizlik onlarla insanının həyatına son qoya bilər.
Yolun asfalt örtüyü qəzalı vəziyyətdə olduğundan avtomobillərin hərəkətinə təhlükə törədir. Yollarda yaranmış iri yarğanlar gecənin qaranlığında ciddi təhlükəyə çevrilir.
Bu yolu mütəmadi gedib-gələnlər həmin "maneələrə" bələd olsalar da, ilk dəfə yolu buradan düşən sürücülərin ən yaxşı halda avtomobili sıradan çıxarır.
Təhlükə törədən məqamlardan biri də yolun dağlıq ərazidən keçməsidir. Belə ki, magistral yolun kənarlarında heç bir qoruyucu sədd olmadığından yüksək sürətlə hərəkət edən avtomobillər üçün təhlükə artır.
Qayalıqla yol arasında bir neçə metr məsafə olduğundan kiçik bir qəza anında hər an nəqliyyat vasitələri uçuruma yuvarlana bilər.










