Bu gün Bakıda “Utro" jurnalının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Novruz Aslan, Rusiya səfiri Mixail Boçarnikov, Belarus səfiri Andrey Ravkov, Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin və digər rəsmi şəxslər iştirak edib.

Açılış nitqi ilə çıxış edən jurnalın baş redaktoru Habil Ağazadə qeyd edib ki, jurnalın ilk sayı may ayında dərc edilib və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir.

Heydər Əliyevin Azərbaycan üçün fəaliyyətinin çətin dövrdə təsadüf etdiyini vurğulayan Habil Ağazadə qeyd edib ki, ölkənin çətin anlarında Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qoruyub.

"Heydər Əliyevin adını əbədiləşdirmək üçün bir sıra addımlar atılıb, medallar təsis edilib, çoxsaylı kitablar dərc edilib və s. Dahi şəxsiyyət olan ümummilli liderimiz Azərbaycan dövlətinə və xalqına xidmət edərək böyük irs qoyub. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Xalqımız bütün bunları olduqca yüksək qiymətləndirir", - o bildirib.

Tədbirdə çıxış edən Novruz Aslan 2023-cu ilin "Heydər Əliyev İli" olmasının təsadüfi olmamasını qeyd edib: "Bu qərarın verilməsi ümumxalq sevgisindən qaynaqlanır. Biz dünən Ulu Öndərin anadan olmasının 100 illiyini qeyd etdik və onun məzarını ziyarət edən çoxsaylı vətəndaşlar, böyük insan kütləsi ümummilli liderə olan sevginin bariz nümunəsi oldu. Heydər Əliyev dünya miqyasında tanınan bir siyasətçi idi və onun bu nüfuzu ölkəmiz üçün də böyük uğurlar bəxş edib. Heydər Əliyev ölkəmiz üçün nə edibsə, hamısı göz önündədir. Azərbaycanın əldə etdiyi uğurlar bilavasitə onun gərgin zəhmətinin bəhrəsidir. Dünən Prezident İlham Əliyev də Şuşada çox dəyərli fikirlər səsləndirdi. O dedi ki, biz hazırda müqəddəs torpaq üzərində dayanmışıq, bu torpaqlar bizə, xalqımıza məxsusdur. Bu torpaqlar uğrunda Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələri canından, qanından keçib.

Hamımızın yadındadır ki, Heydər Əliyev Azərbaycana gələndə ölkəmiz çox ağır vəziyyətdə idi, müharibə dövrü idi, xeyli məcburi köçkün var idi, ölkənin iqtisadi imkanları demək olar ki, yox idi. Məhz Heydər Əliyevin müraciəti əsasında ölkəmizdə çadır şəhərcikləri salındı, atəşkəs əldə olundu və Azərbaycan hazırkı səviyyəyə yüksəlmək üçün keçdiyi yolda ilk addımlarını atmağa başladı", - deputat bildirib.

Tədbirdə çıxış edən Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov da öz növbəsində Heydər Əliyevin dünya siyasi arenasında tanınmış simalardan biri olmasını qeyd edib: "Azərbaycanla Rusiya arasında dost münasibətlərin qorunub saxlanılması və dövrümüzə qədər gəlib çatmasında Heydər Əliyev fenomeni böyük rola malik olub. Şübhəsiz ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafı üçün Heydər Əliyevin fəaliyyəti və ölkə liderlərinin səmimi münasibətlərinin əhəmiyyətini qeyd etməsək olmaz.

Hazırda Azərbaycan-Rusiya münasibətlərinin daha da yüksək pillələrə qaldırılması və inkişafı hər iki ölkə xalqlarının maraqlarına xidmət edir", - diplomat bildirib.

Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov Heydər Əliyevə ümumxalq sevgisini qeyd edib.

"Heydər Əliyevə ümumxalq sevgisi danılmazdır Biz görürük ki, onun xidmətləri sayəsində Azərbaycan hansı inkişaf və tərəqqiyə nail olub. Mən Heydər Əliyevi canlı görməmişəm, lakin görürəm ki, o xidmətləri ilə öz adını əbədiləşdirib və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər, insanlarınızın bu tədbirlərdə iştirakı da bunu sübuta yetirir", - səfir bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Heydər Əliyevin jurnalistikaya dəstəyinə toxunub: "Heydər Əliyevin jurnalistika sahəsinə dəstəyinin və qayğısının daim şahidi olmuşuq.

Ümummilli lider 2002-ci ildə "Jurnalistlərin dostu" seçildi və o hər zaman deyirdi ki, media sahəsi olduqca çətin və məsuliyyətli sahədir. Bu səbəbdən də jurnalistika sahəsinə hər zaman xüsusi diqqət ayırırdı", - Rəşad Məcid qeyd edib.

.