Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alındığı bildirilib.

Qeyd olunub ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilmiş, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilmişdir. Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13401 cinayət işindən 6072-nin istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 4632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir.

Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilmiş, 202 işin icraatı dayandırılmışdır. Daxili işlər orqanlarında isə 1440 işin icraatına xitam verilmiş, 2977 işin icraatı isə dayandırılmışdır.

Heabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilmişdir.

2021-ci ildə Bakı şəhər prokurorluq orqanları üzrə inzibati xətalar haqqında işlər üzrə 219 inzibati icraat başlanılması haqqında qərar qəbul edilmişdir.

Hesabat dövründə vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsinə də xüsusi diqqət yetirilmişdir. Bakı şəhər prokurorluq orqanlarına 14950 müraciət daxil olmuş, onlardan 6723-ü öz həllini tapmış, o cümlədən 2227-si təmin edilmişdir.

.