Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin çıxış ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament, icra hakimiyyəti və ictimai təşkilatların nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak edib. Ümumilikdə Foruma 700-ə yaxın iştirakçı qatılıb.

Forumda çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, regionlararası forumların təşkili təşəbbüsü Azərbaycan və Rusiya prezidentlərinə məxsusdur. Bu gün dövlət başçılarının forumda iştirakı Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrin, regionlararası əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisidir. Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Təsadüfi deyildir ki, son 3 ay ərzində Azərbaycan və Rusiya prezidentləri 4 dəfə görüşüblər. Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçıları ticarət və iqtisadi əlaqələrin hazırkı vəziyyətini ətraflı təhlil edib, gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyənləşdiriblər, səfər zamanı 17 dövlətlərarası və ticarət sazişi imzalanıb.

Ticarət və qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafyev ölkələrimizin kimya sənayesi, dərman, maşınqayırma və digər sahələrdə layihələr həyata keçirdiyini, Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşunda aktiv iştirak etdiklərini qeyd edib.

Nəqliyyat və tranzit yükdaşımaları sahəsi ikitərəfli əməkdaşlığın uğurla inkişaf edən və perspektivli istiqamətlərindəndir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və Rusiya tərəfindən reallaşdırılan mühüm layihələrdəndir. Bu dəhliz ölkələrimizin ərazisindən keçməklə Cənubi Asiyadan Avropaya yüklərin daşınmasına optimal imkan yaradır.

İqtisadi sahə ilə yanaşı, humanitar sahədə də ölkələrimiz uğurla əməkdaşlıq edir. Humanitar sahədə ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) mühüm xidmətləri vardır. Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının uğurlu fəaliyyəti xüsusilə qeyd olunmalıdır.Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb, rus və digər slavyan dillərinin tədris edildiyi Bakı Slavyan Universiteti, Azərbaycanın Təhsil Nazirliyinin tabeliyində olan 14 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə rus bölmələri fəaliyyət göstərir. Rusiyada isə 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Regionlararası münasibətlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin prioritet sahələrindəndir. Azərbaycanın Rusiya Federasiyasının təqribən 80 subyekti ilə ticarət və iqtisadi əlaqələri var. Rusiya Federasiyasının təqribən 20 subyekti ilə ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Yüksək siyasi iradə və ölkələrimizin böyük iqtisadi potensialının qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdığını qeyd edən nazir Şahin Mustafyev birgə səylər nəticəsində mövcud potensialın tam reallaşdırlacağına əminliyini bildirib.

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin çıxışında forumun iki ölkənin dövlət və regional hakimiyyət orqanları arasında dialoq üçün səmərəli platforma olduğunu qeyd edib, tədbirin ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli olacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı üçün yeni perspektivlər açacağını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Qrupun həmsədri Əli Hüseynov çıxışlarında ölkələrimiz arasında əməkdaşlıq, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iş adamları arasında əməkdaşlıq və işgüzar şuraların fəaliyyəti barədə danışıblar.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışlarında təmsil edikləri rayonların iqtisadi potensialı, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər, Azərbaycan regionları ilə Rusiyanın federal subyektləri arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat veriblər.

Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Vladimir Vasilyev, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Novqorod vilayətinin qubernatoru Andrey Nikitin, Arxangelsk vilayətinin qubernatoru İqır Arlov müvafiq regionların iqtisadi imkanları, Rusiya və Azərbaycan regionları arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışıblar.

Sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər – "Azərbaycan İnvestisiya Şirkəti” ASC və "R-Farm” SC arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı və paylanması sahəsində əməkdaşlıq barədə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq barədə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq haqqında, Azərbaycanın "Khan-El” MMC və Rusiyanın "Qud-Fud Postavka”MMC şirkətləri arasında Rusiyaya fındıq ixracına dair, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və "Biznes Qadınları" Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq barədə, Azərbaycan Respublikasının "Dövlət Aqrar Ticarət Şirkəti” MMC və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi Federal Dövlət Büdcə Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycanın "Azhazelnut" MMC və Rusiyanın "Frutimpex" MMC arasında Rusiyaya fındıq ixracına dair, "Azər Sharab NM" MMC və "Del Monte" MMC arasında spirtli içkilərin Rusiyaya ixracı barədə, "Vefa Collection” MMC və "Delikatesoff” MMC arasında əməkdaşlıq haqqında, Azərbaycan Turizm Assosiasiyası və "Mahaçqala Beynəlxalq Hava Limanı” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyəti və Rusiyanın Həştərxan vilayəti hökuməti arasında əməkdaşlıq haqqında memorandumlar, "Grovv Group Azerbaijan" MMC və "Essen Logistic" MMC arasında pomidor satışına dair, Azərbaycanın "Metanet-A" MMC və Rusiyanın "Matanat" MMC şirkətləri arasında Rusiyada quru inşaat qarışıqlarının istehsalı zavodunun tikintisinə dair, "Karvan-L” MMC və "TexSportServis” MMC arasında xidmət göstərilməsinə dair, Azərbaycanın "CTC Holdinq" ASC və Rusiyanın "Komman Group" MMC arasında ölkəmizə avadanlıqların tədarükünə dair müqavilələr imzalanıb.

Sonra IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilmiş 7 dəyirmi masada (sənaye və energetika, aqrar, turizm, kiçik və orta sahibkarlıq, humanitar, nəqliyyat və tranzit, qadın sahibkarlığı sahələri üzrə) aparılan müzakirələr və əldə olunan nəticələr barədə moderatorların məruzələri dinlənilib.

Forumda yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının Forumda iştirakının prezidentlərin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb, Forumun işinin uğurlu olduğunu və iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

.