Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.
***
Bakıda bir neçə nəfərin iştirakı ilə dava olub.
Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. "Köhnə Komsomolski" küçəsində 5 nəfər arasında mübahisə düşüb. Mübahisə nəticəsində 1 nəfər qətlə yetirilib, 1 nəfərə isə bıçaqla ağır xəsarət yetirilib.
Bıçaqlanan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, polis tərəfindən keçirilən əməliyyatla həmin şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.
.
