"Bakı Yay Caz Günləri" (Baku Summer Jazz Days) festivalı pandemiya səbəbindən yaranmış iki illik fasilədən sonra fəaliyyətini bərpa edir.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, 6-7 iyul tarixlərində 4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək.

Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil olub. Bu layihə çərçivəsində Avichai Kohen, Erik Truffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West kimi bir çox məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.

“Bakı Yay Caz Günləri”nin yaddaqalan konsertlərindən biri – Oleq Lundstremin caz orkestrinin Dənizkənarı parkda çıxışı təkcə peşəkarların deyil, həm də bu musiqini ilk dəfə dinləyənlərin diqqətini cəlb edib.

Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir.

Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçiriləcək.

Giriş sərbəstdir.

Hər iki gün festival səhnəsində Azərbaycanın caz qrupları da yer alacaq.

Qeyd edək ki, festival Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə həyata keçəcək.

.