Bu gün Bakıda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik edib.

“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı, logistika sahələrində tərəfdaşlığın və qarşılıqlı investisiyaların təşviqi üzrə görülən işləri dəyərləndirdik”, - deyə M.Cabbarov bildirib.

Azərbaycan və Özbəkistan ildə 1 milyard dollarlıq ticarət hədəfləyir

Azərbaycan və Özbəkistan 2030-cü ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq yalnız ticarətlə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür: "Bu istiqamətdə bir sıra addımlar atılır".

Nazir həmçinin deyib ki, ökələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir: "Bu ilin 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb".

.