"Bahar Energy Ltd.” şirkətində əcnəbi işçilərlə yerli işçilərin maaşları arasındakı fərq azərbaycanlı işçilərin diskriminasiyası ilə nəticələnir.
Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi dedi ki, şirkətdə çalışan əcnəbilərin bəzilərinin əməkhaqqı hətta 25-30 min manatdır: "Əcnəbi işçilərin Bakıda yaşaması üçün evlər də kirayələnib. Üstəlik, aylıq kirəyə haqqı bir neçə min manatla ölçülən evlərin pulunu şirkətin hesabına ödəyirlər. Amma azərbaycanlı fəhlənin məvacibi 800-1000 manat arasındadır. Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq yerli işçilərin əməkhaqlarının artırılmasına razılıq verilməyib”.
M.Qəhrəmanlı ixtisarların da yalnız yerli işçilərə şamil edildiyindən narazıdır: "İxtisarlar edilərkən yalnız azərbaycanlı işçilər işdən çıxarılır. Halbuki hazırda Azərbaycanda əcnəbi mütəxəssisləri əvəz edən mütəxəssislər var”.
Qeyd edək ki, yanvarın 1-də şirkətdə növbəti ixtisarlar olacaq. Təşkilat rəhbəri dedi ki, ötən il işçilərlə bir illik əmək müqaviləsi başlanıb. Daimi iş yerlərində müvəqqəti əmək müqavilələrinin başlanılması Əmək Məcəlləsinin tələblərinə zidd olsa da xarici şirkətlər bununla ixtisarları sığortalayırlar.
Onu da qeyd edək ki, şirkətin hazırkı prezidenti ABŞ vətəndaşı olan Norman Bensondır. Şirkətin əsas payçılardan olan "Baghlan Group”la bütün əlaqələr kəsilib.
Xatırladaq ki, "Bahar Energy Ltd.” Xəzərin Azərbaycan sektorunda yerləşən "Bahar” və "Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası və işlənməsini həyata keçirir. Şirkət nəqliyyat naziri Ziya Məmmədov və onun biznes ortağı Dubayın Cəbəl Əli azad ticarət zonasında qeydiyyatdan keçmiş "Baghlan Group Limited”, "Bakı” futbol klubunun prezidenti olan iş adamı Hafiz Məmmədova, "Greenfield İnternational”, "RAFI Oil” və ARDNŞ-ə məxsus olub.
.