Yay fəslində olan meyvələrin bolluğu ilin heç bir vaxtı olmur. Bu isə o deməkdir ki, meyvələr bu fəsildə daha ucuz olmalıdır. Lakin bu il bazarda qiymətlər od tutub yanır. Havaların qeyri-sabit keçməsi nəticəsində mövsümi meyvələrin az olması da qiymət bahalığına səbəb olub. Qiymətlər qışa mürəbbə tədarükü görənləri də geri çəkilməyə məcbur edir.
Satıcı Bənövşə Məmmədova bazardakı meyvələrin qiymətləri haqda məlumat verdi: "Qara gilasın 1 kq 2,70 AZN-ə alırıq 3 manata satırıq. Ağ gilası 1,70 AZN-ə alırıq 2 manata satırıq. Ərik 3,50 AZN-ə alırıq 4 manata satırıq.”
Havaların əlverişsizliyi səbəbindən meyvələrin keyfiyyəti də alıcıları qane edəcək səviyyədə deyil. Odur ki, təmiz, çürüksüz meyvə almaq istəyənə meyvənin kilosu daha da baha qiymətə başa gəlir.
Qiymət bahalığı alıcılarla yanaşı, satıcıların da bazarına mənfi təsir edir. Müştəri kasadlığından gileylənən satıcılar deyir ki, hər il bu vaxtı mürəbbə bişirmək üçün alıcıları çox olardı. İndi isə alanlar tək-tükdür, həm də az alırlar.
Satıcı Ağabəyim Xuduyeva deyir ki, bazarda zəiflik hiss olunur: "Hər ilki bazar deyil, zəifdir. 5kq alan 2 kq alır. 2 kq alan 0,5 kq alır. Yemək üçün alırlar, mürəbbə heç yada düşmür.”
Elə alıcılar da bahaçılıq ucbatından qışa mürəbbə tədarükü görə bilmədiklərini deyirlər. Nə etməli, bu ilki bahaçılığın da səbəbi təbiətin şıltaqlığı oldu. Amma yay meyvələrinə tamarzı qalmaq istəməyən, və ən başlıcası bu meyvələrin təbii vitamin mənbəyi olduğunu dərk edənlər gərək bir qədər xərcə düşməyi gözə ala.
.
