Bu günlərdə şair Baba Vəziroğlu təklif edib ki, gender bərabərliyi məsələsi gündəmdən çıxarılsın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv edilsin. Şairin təklifi cəmiyyətdə maraqla qarşılanıb, müzakirə mövzusuna çevrilib. Həm də təəccüb doğurub…
Teleqraf.com məsələylə bağlı yaranan sualları şairin özünə ünvanlayıb. Yenizaman.az həmin müsahibəni öz səhifəsində tirajlayır:
–Baba müəllim, sevgi şairi hardan-hara belə bir açıqlama verib?
–Jurnalist zəng vurub bu barədə fikrimi soruşdu, mən də dedim. Yoxsa başım xarab olmayıb ki, birdən-birə öz yanımdan belə bir fikir söyləyim. Mənə sual verdilər ki, son zamanlar qadınlara şiddət artıb, qadınlar öldürülür, bu, nə ilə əlaqədardır? Belə hadisələr çoxalmasın deyə neyləmək olar? Mən də cavab olaraq dedim ki, gender problemi məsələsini yığışdırmaq lazımdır.
–Təəccüblüdür. Yaradıcı insansınız, şairlər kövrək qəlbli olur, adamları mərhəmətə səsləyir. Bu sualın cavabında deyə bilməzdiniz ki, ay kişilər, qadınları öldürməyin?..
–Guya mən deyirəm ki, qadınları öldürmək lazımdır? İraq olsun. Deyirəm ki, süni şəkildə qadın problemini qaldırırlar, nəticəsi də bu olur. Bir uşağı ki yalandan ürəkləndirirlər ey, sən güclüsən, əzələlərin necə möhkəmdir, hamını döyə bilərsən, o da gedib döyülür. Bu da elə bir şeydir. Onda adamda yalançı bir özünəgüvən və müştəbehlik yaranır, eşitdiyinə inanıb özünü fərqli aparmağa başlayır. Öz gücünü və cəmiyyətdəki real mövqeyini unudur. Unutduğu üçün də başına bəlalar gəlir.
Əgər Allah pişiyi pələngin balaca variantı yaradıbsa, pələngə oxşadığı üçün niyə pişiyə də pələng deməliyik? Axı bunun gücü, imkanı, hökmranlığı pələng qədər deyil. Biz bu məsələləri gündəmə gətirməklə pişiyi pələngin qoltuğuna veririk. Pişik gedir çaqqala hücum edir, onda da onu vurub öldürürlər. Bu aldanışlı sözlər fəlakətlərə yol açır.
–Yəni burda bu pələngin, çaqqalın heç günahı yoxdur?
–Yox, onu Allah belə yaradıb. Allah hər kəsi yaradanda ona öz missiyasını, vəzifələrini, öhdəliyini verib. Birini vəhşi yaradıb, birini otyeyən... Kainatda, canlı aləmdə belə bir nizam-intizam qurub. Onları sonradan süni şəkildə bərabərləşdirməyin də axırı fəlakət olur. Azərbaycanda niyə kişi problemləri üzrə komitə yoxdur, amma qadın problemləri üzrə komitə var? Bəyəm nə olub qadınlara, onlara kim nə edir ki? Millət vəkili seçilirlər, özlərinin də seçmək hüquqları var, vəzifələri var, kosmosa uçurlar, taksi sürürlər, təyyarə sürürlər... Harda diskriminasiyaya uğrayırlar ki, onları müdafiə edən bir komitə yaradılır?
–Baba müəllim, deyəsən, sizin ölkədəki vəziyyətdən bir o qədər xəbərdar deyilsiz. Birincisi, rəhbər vəzifə tutan qadınlar çox azdır, barmaqla sayılacaq qədər... İkincisi, qadınlara qarşı zorakılıq baş verir ki, onları müdafiə edən komitə yaradılır, gender bərabərliyi məsələsi gündəmə gətirilir. Qadınlar kişiləri döysəydi, kişiləri müdafiə edən qurum yaradılardı.
–Allahın hər bir yaratdığının cəmiyyətdə öz hüquq və vəzifələri var. Onları adlayanda, onlardan kənara çıxanda sonu yaxşı qurtarmır. Mənim dediyim budur. Allah kişini güclü yaradıb da, neyləyək?
–Güclü yaradılıb deyə qadını döyməlidir?
–Yox, biz onu demirik. Sadəcə qadın da gərək cızığından çıxmasın. Burda qadının təqsiri yoxdur. Sosial institutlar Qərbin dəstəyi ilə gender məsələsini ortaya atıb qadını bədbəxt eləyiblər. Qadın bu kimi məsələlərə baş qoşub özünü kişidən güclü sayır... Belə olmaz axı. Dünyada alimlərin siyahısına nəzər salın, görün orda neçə qadın var? Yəni Allah qadını gözəl yaradıb, ana yaradıb. Görün heç kişi missiyalarından kənara çıxıb deyir ki, mən ana olmaq istəyirəm?
Yazıq kişi deyir ki, ana olmaq qadının xislətindədir. Yaradan qadındır, anadır. Bəyəm qadını burda kim əskildir? Mənim dediyim odur ki, qadınları ayırmasınlar, Allahın verdiyi o missiyadan kənara çıxmağa vadar eləməsinlər. Gender bərabərliyi məsələsi kişiləri aşağılanmasına yol açan problemdir. Bunu kim uydurub , hardan gətirib? İllər uzunu, nəsillər boyu Şərqdə qadın həmişə şərəflə ucada tutulub. Yəni Allahın verdiyi öhdəliklər və vəzifələr daxilində həmişə ucada olub.
Amma ona deməyiblər ki, sən kişiylə bərabərsən, eynisən. Eyni ola bilməz axı, Allah onları fərqli yaradıb. Canlı aləmdə bir-birinin eyni olan heç nə yoxdur. Meşədə şir hökmrandır da, tülkü hökmran olmaq istəyəndə dərisini boğazından çıxarırlar.
–Söhbət ondan gedir ki, şir də ədalətli və mərhəmətli hökmran olsun.
–Yazıq kişi evin qulluqçusudur, qazanıb gətirir, evə böyüklük edir, uşaqları böyüdür, problemlərlə məşğul olur. Kişi yazıq neyləyir ki? Deyir ki, qadın da normal ev sahibəsi olsun... Kişi nə deyir ki? Amma qadın deyəndə ki, evin böyüyü mən olmalıyam, mən hökmranlıq eləməliyəm, artıq məsələ "rusca” olur. Ocağın yiyəsi qadındır. Qadın ocağın kişisi olmaq istəyəndə onda vəziyyət qəlizləşir.
–Siz deyən məsələlər də ola bilər, evdə hökmranlıq üstündə qarşıdurma yarana bilər. Amma ortada qadın ölümləriylə bağlı çox acınacaqlı statistika var və qurbanların da əksəriyyəti məhz siz dediyinizdən fərqli olaraq, müti, hüququnu, vəzifəsini bilməyən, kişiyə və onun hökmlərinə tabe olan qadınlardır.
–Bunları bilirəm və artıq o tip verilişlərə də getmirəm ki, kiməsə ağıl verməyim. Buna mənim haqqım yoxdur. Ümumiyyətlə, heç kimin haqqı yoxdur. Mən deyə bilmərəm ki, sən ərindən niyə boşandın, sən uşağını niyə atdın? Çünki müqəddəs kitablarda yazıldığı kimi, gərək heç kimi mühakimə etməyəsən, çünki bir gün özün də mühakimə olunarsan. Mən məsələni qlobal şəkildə götürürəm. Burda nə qadınları qınayıram, nə də kişiləri. Ümumbəşəri qiymət verməyə çalışmışam ki, bu gender problemi nədir?
Biz milli dəyərlərimizi, Şərq mentalitetimizi, Azərbaycan xislətimizi bir kənara atıb, bu gender bərabərliyinin ətəyindən yapışmışıq. Nəyə görə? Elə bu gender bərabərliyindən danışandan Azərbaycanda qadınlar bu fəlakətin içinə düşüblər. Əsrlər boyu qadınları müdafiə edən komitə yox idi, məgər Azərbaycanda qadınları tutub yeyirdilər, ya şişə çəkirdilər? Gender problemini ortaya atmaqla nəyi həll edə biliblər ki? Gecə-gündüz televiziyada qadın problemlərindən danışırlar, qadınları müdafiə edən nazirlik səviyyəsində komitə yaradıblar, nə dəyişir? Kim gedib o quruma daxil ola, dərdini deyə bilir? Orda kimin kitabını oxuyurlar?
Bu komitə yaxşı işlər görsə belə, onun yaradılması artıq o deməkdir ki, guya Azərbaycanda qadınları tutub şişə çəkirlər. Elə deyil axı. Hər ailənin öz dramı, öz ənənələri, öz əxlaqı, öz problemləri var. Bunu ümumiləşdirib Qadın Problemləri Komitəsi yaratmaq düz deyil. Azərbaycan xalqına gender problemini sırımaq olmaz.
–Baba müəllim, mən də təklif edirəm ki, komitə, qayda-qanun məsələlərini kənara qoyub, sevgi şeirləri yazan, qadınları tərənnüm edən bir şair kimi kişilərə səslənəsiniz ki, qadınları öldürməyin, sevin. Əgər belə güclüsünüzsə, qadınları qoruyun...
–Mən ömrümün hamısını buna həsr eləmişəm ki, qadın uca varlıqdır. Allahdan sonra ikinci yaradan qadındır. Mən Məhəmməd peyğəmbərdən artıq söz deməyəcəm ki... Cənnət anaların ayaqları altındadır. Amma məsələnin o biri tərəfini də dedim.
Vladimir Vısotskinin bir sözü var, deyir, sən lap milyon dəfə haqlı olasan, sənin qadının ağlayırsa, bunun nə mənası var? Ən böyük sevgi yanmaqdan irəli gəlir. Elə mən də sevgimdən yana-yana deyirəm də bütün bunları. Bizim qadınların başını Qərbin bu əcaib prinsipləriylə, yalançı humanist ideyalarla aldatmayın. Qoyun bizim qadınlarımız evdarlığını eləsin, ailə ocağının qoruyucusu, balalarına ana, ərinə vəfalı bir sirdaş olsun. Mən bunu deyirəm. Yoxsa qadın evdə, cəmiyyətdə hökmranlıq etmək eşqinə düşməsin.
Mən bunları yanıb-töküldüyümdən deyirəm. Adam başqa birinin ayağına daş dəyəndə sadəcə heyfislənirsən, amma bir əzizinin ayağına toz dəyəndə yanıb-tökülürsən. Bu da sevginin böyüklüyündəndir. Qadına demək ki, sən hamıdan üstünsən, ona narkotik vermək kimi bir şeydir. Onları aldatmayın. O, hamıdan üstündür, amma öz yerində üstündür. Kişiylə rəqabətdə yox...
Allah onu qadın yaradıb və qadın da qadın olanda gözəl olur. Qadın kişiyə çevriləndə əcaib varlığa bənzəyir. Ay balam, bir evdə iki qoç ola bilməz. Allah da birini qoç, birini toğlu, birini qoyun yaradıb. Buna qarşı çıxmaq həm də Allaha qarşı çıxmaqdır.
Sevinc FƏDAİ