Azərbaycanın yaxın gələcəkdə Suriyada bərpa və yenidənqurma işlərində iştirakı mümkündür.

Bunu “Report”a açıqlamasında politoloq Nağı Əhmədov Azərbaycan-Suriya münasibətlərinin yeni mənzərəsini şərh edərkən deyib.

Ekspert söyləyib ki, Azərbaycanın Qarabağda bu sahədə qazandığı təcrübə Suriya xalqının rifahına böyük töhfə verə bilər:

“Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanın Suriyada bərpa və yenidənqurma işlərində iştirakı mümkündür. Bilirik ki, Suriya uzun müddət müharibədən əziyyət çəkib. Azərbaycan bu gün Qarabağın bərpası və yenidənqurulması ilə bağlı böyük təcrübə qazanıb. Azərbaycan bu təcrübənin Suriya xalqı üçün faydalı şəkildə istifadəsinə töhfə verə bilər”.

N.Əhmədov Suriyada keçici hökumətin formalaşmasından sonra Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfər etməsi məsələsinə də diqqət çəkib:

“Suriyada məlum hakimiyyət dəyişikliyindən və keçid hökumətinin formalaşmasından sonra Azərbaycandan Suriyaya yüksək səviyyəli səfər baş tutdu. Bu səfər çərçivəsində Azərbaycan uzun illərdən sonra Suriyada yenidən səfirliyin açılması ilə bağlı təşəbbüslə çıxış etdi. Ümumilikdə isə Azərbaycan və Suriyanı birləşdirən çoxlu faktorlar var, bunların başında isə hər iki ölkənin islam coğrafiyasının bir parçası olması faktoru dayanır. Buna görə də uzun illər Suriya və Azərbaycan arasında münasibətlər kifayət qədər müsbət olub. Lakin Suriyada məlum hadisələr başlayandan sonra obyektiv səbəblərə görə Azərbaycan səfirliyi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb”.

Siyasi şərhçinin sözlərinə görə, artıq Suriya üçün yeni bir dövrün başlaması səbəbilə Azərbaycanın Türkiyə ilə birlikdə koordinasiyalı şəkildə Suriyada aktiv fəaliyyətə keçməsi müşahidə edilir:

“Son illərdə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətində müsbət mənada sərtlik müşahidə olunmaqdadır. Artıq Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirməkdədir. Yaxın Şərq də Azərbaycan üçün çox vacib ərazidir. Suriyada Azərbaycanın aktivləşməsi bu baxımdan təsadüfi hesab edilməməlidir”.

Nağı Əhmədov

Nağı Əhmədov

N.Əhmədov hesab edir ki, Azərbaycanla Suriya arasında digər önəmli əməkdaşlıq sahəsi enerji sektoru ola bilər:

“Azərbaycanın Türkiyədə və digər coğrafiyalarda neft və qaz sahəsində kifayət qədər uğurlu təcrübəsi var. Bu təcrübə Türkiyə şirkətləri ilə birlikdə Suriyada neft və qaz kəşfiyyatında, eyni zamanda, Suriyanın enerji sektorunun yenidən qurulmasında tətbiq edilə bilər. Ümumilikdə Suriya və Azərbaycan arasında əməkdaşlığın perspektivləri və imkanları kifayət qədər genişdir”.

Son olaraq Suriyaya humanitar yardım göstərilməsinin önəminə diqqət çəkən mütəxəssis vurğulayıb ki, Azərbaycan Suriya ilə bağlı məsələlərin ilkin mərhələsində məhz bu yardımlarla iştirak edir:

“Tarixin müəyyən mərhələlərində Azərbaycandan müəyyən nəsillər Suriya ərazisinə köçürülüb. Bu gün də həmin nəsillərin davamçıları Suriyada yaşamaqdadır. Onlar özlərini azərbaycanlı hesab edirlər. Suriyaya yardımın göstərilməsi, əslində, bir növ Azərbaycanın dünya azərbaycanlılarının rifahı ilə bağlı öz üzərində məsuliyyət hiss etdiyini də göstərir. Suriyaya göstərilən yardımlar bu kontekstdə də qiymətləndirilə bilər. Bunları nəzərə alsaq, Suriya ilə Azərbaycan arasında gələcəkdə humanitar, mədəni və enerji sahəsində əməkdaşlığın önəmini qeyd edə bilərik”.

.