İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

Baş Prokurorluqdan verilən xəbərə görə, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Kamran Əliyevə zəng edib

İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Baş Prokurorluqdan  verilən xəbərə görə, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib.

Telefon danışığı zamanı hər iki dövlət başçılarının rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdiriləcəyinə əminlik ifadə olunmaqla, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
 

.