Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.
APA-nın məlumatına görə, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.
Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.
1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib.
Azərbaycan prezidenti və digər rəsmi şəxslər Adelaida Məmmədovanın vəfatı ilə bağlı nekroloq yayıb. "Adelaida Məmmədovanın gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanıb. Adelaida xanımın diqqəti və qayğıkeşliyinin nəticəsi olaraq muzeydə Azərbaycan mədəniyyətinin həqiqi ocağı yaradılmış və muzey milli mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mərkəzlərdən birinə çevrilib.
Adelaida xanım Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərib. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.
Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülüb.
Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!", deyə nekroloqda bildirilib.
Nekroloqu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan xalq artistləri Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Əlibaba Məmmədov, Arif Babayev, bəstəkar Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Akif Məlikov imzalayıb.
.
