İnsanları xəstə edən düşüncələri, xalqları məhv edən isə ideologiyalarıdır.
200 il müddətində Azərbaycanın tarixi yurd torpaqlarında məskunlaşan erməni ideoloqlarının yürütdükləri siyasətin kökündə təcavüz, mənimsəmə, soyğunçuluq, terrorçuluq əməlləri vasitəsilə çirkin niyyətləri həyata keçirmək olub. Keçən əsrin əvvəllərində və sonunda mənfur ermənilər 2 dəfə terror və işğalçılıq siyasətlərini kütləvi soyqırımlarla həyata keçirərək xalqımıza qarşı terror aktları törətmiş, izləri silinməyən ağrı-acılar yaşatmışlar. Tarixi Azərbaycan torpaqlarını “özününküləşdirmək” siyasəti yeridən ermənilər beynəlxalq ictimaiyyətə 30 il müddətində yalanlar satmışlar. Öz çirkin əməlləri ilə işğalçılıq siyasəti yürüdən rəsmi İrəvan təkcə xalqımıza qarşı deyil, ümumilikdə regionun inkişafına mane olan, bəşəriyyətə, insanlığa, xüsusən İslam dininə, mədəniyyətinə qarşı yönələn beynəlxalq cinayətlər törətmişdir. Bir milyondan artıq soydaşımız öz doğma yurdlarında qaçqın və məcburi köçkün həyatı yaşamışdır. Təkcə Birinci Qarabağ müharibəsi zamanı 20 mindən artıq azərbaycanlı həlak olmuşdur. XX əsrin ən ağır faciəsi kimi xalqımızın qan yaddaşına düşən Xocalı soyqırımı nəticəsində körpə uşaqlar, ahıl qocalar, hamilə qadınlar vəhşicəsinə, amansızcasına qətlə yetirilmişdir.

Rəsmi İrəvanın 26 illik atəşkəs dövrü ərzində yürütdüyü siyasət təkcə xalqımıza deyil, beynəlxalq qanunların aliliyinə qarşı da hörmətsizlik, saymamazlıq idi. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ən ali qurumların-BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymayan Ermənistan münaqişənin baş verməsində həyasızcasına özlərini “haqlı”çıxarmaqdan da çəkinmirdilər. Ancaq sonda bütün yalanlara, ikili standartlara, müxtəlif dövlətlərin bölgədəki maraqlarını təmin etmək məqsədilə Ermənistanı “dəstəkləməsinə” baxmayaraq Azərbaycan öz gücünə haqqı bərpa etdi. 28 il icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Qeyd edək ki, Ermənistanın yürütdüyü qərəzli siyasətlə yanaşı, münaqişənin dinc yolla həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də münaqişənin hərbi yolla həllini qaçılmaz etdi. Ölkə başçısının martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı çıxışında da dediyi kimi, münaqişə ilə bağlı Minsk qrupunun nəticəsi sıfra bərabərdir. Bəli, reallıq budur. Minsk Qrupunun 26 illik fəaliyyəti heç bir nəticə verməyib. İllərdir ki, Ermənistanın cəzasız qalması get-gedə onun azğınlaşmasına səbəb oldu. Danışıqlar prosesi uzandıqca rəsmi İrəvanın nümayişkaranə şəkildə Azərbaycan torpaqlarını qaytarmayacağı barədə səsləndikləri fikirlər və qərarlar sonda Azərbaycanı qəti addım atmağa məcbur edib. Və Azərbaycan öz gücünə, hərbi-siyasi yolla torpaqlarını işğaldan azad edib.  

Xüsusilə vurğulamaq istərdim ki, münaqişənin həlli təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin iqtisadi inkişafına, qarşılıqlı əməkdaşlığına və ən əsası isə tranzit xətt olaraq yeni nəqliyyat dəhlizlərinin açılmasına şərait yaradacaqdır. Şübhəsiz ki, əlverişli geostrateji bir məkanda yerləşən Azərbaycanın layihələşdirdiyi, Orta Asiyanı Avropa ilə birləşdirəcək dəhlizlər, magistral və dəmir yolları regiona investisiyaların qoyuluşunu, bir çox dövlətlərin bu kommunikasiya xətlərindən yararlanmaqla gəlir əldə etməsi üçün regiona maraq göstərməsində mühüm rol oynayacaqdır. Bəli, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə məqsəd təkcə torpaqlarımızı azad etmək deyildi, həm də azad edilmiş torpaqlarımızı dirçəltmək idi və Azərbaycan dövləti bugün bunun üçün çalışır. Torpaqlarımızı, daha geniş mənada regionu dirçəltmək üçün. Heç birimizdə şübhə yoxdur ki, biz buna nail olcağıq. Çünki, Azərbaycanın nail ola bilməyəcəyi məqsəd, fəth edə bilməyəcəyi zirvə yoxdur.

Torpaqlarımızın işğaldan azad edilməsi bəzi reallıqları da üzə çıxardı. Beləliklə, bizlər onsuzda bildiyimiz həqiqətə bir daha canlı şəkildə şahid olduq-erməni vandalizminin heç bir ölçüyə sığmaz dərəcədə böyük olduğunu bir daha müşahidə etdik.Vaxtilə iqtisadiyyatın, kənd təsərrüfatının, mədəniyyət və incəsənətin ən yüksək səviyyədə inkişaf etdiyi iri şəhər, kənd və qəsəbələrimizin bugün ruhlar şəhərinə çevrilməsi, tamamilə dağıdılması faktları azad olunmuş ərazilərimizə səfər edən xarici mediya nümayəndələrini, diplomatları və siyasətçiləri də heyrətə saldı. Ölkə başçımızın da dediyi kimi, sanki o torpaqlardan vəhşi qəbilə keçib. Çünki heç bir sivil dövlət, ordu və ya toplum bunu edə bilməz. Bu, ancaq xüsusi qəddarlıqla, vəhşiliklə oluna bilər. Təəssüf ki, erməni dövlətində də bu qəddarlıq mövcuddur. Əslində bu Azərbaycan cəmiyyəti üçün bir o qədər təəccüblü deyil. Çünki, biz bilirik ki, Xocalı qətliamını törədənlərdən hər şeyi gözləmək olar.

Qeyd edək ki, Ermənistan 44 günlük müharibədə məğlub olmasına baxmayaraq hələ də cinayətkar əməllərindən qalmır. Belə ki, Ermənistan öz çirkin əməllərini davam etdirərək minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməkdən boyun qaçırır. Bununla da beynəlxalq qanun və hüquq normalarını pozmaqda davam edir. Bu isə həmin ərazilərdə abadlıq-quruculuq işlərinin, layihələrin icrasına və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. Dünyanın buna reaksiyası isə gözlədiyimiz kimidir. İşğal dövründə olduğu kimi, indi də beynəlxalq ictimaiyyət susmağa , görməzdən gəlməyə davam edir. Hələ də torpaqlarımızda günahsız insanlarımızın minaya düşməsi, həyatını itirməsi və ya şikəst qalması dünyanı hərəkətə keçirməyə kifayət etmir. Hətta həmin minalara rus sülhməramlısı ya da erməni kəndlisi düşsə belə...

Sonda vurğulamaq istərdim ki, təkcə Azərbaycanın deyil, ümumilikdə türk xalqlarının tarixinə qürur səhifəsi kimi düşən Azərbaycanın möhtəşəm Qələbəsindən sonra da dövlətimiz qarşıya qoyulan bütün məsələlərin icrasında maksimum dəqiqlik və məsuliyyət ortaya qoyacaqdır. 44 günlük müharibə zamanı bizə daim mənəvi və siyasi dəstək nümayiş etdirən qardaş Türkiyə ilə birlikdə regionun inkişafı, çiçəklənməsi və ən əsası sülhün bərpası istiqamətində görüləcək bütün işlərin öhdəsindən layiqincə gələcəkdir. Çünki, əvvəldə də dediyimiz kimi: Azərbaycanın nail ola bilməyəcəyi məqsəd, fəth edə bilməyəcəyi zirvə yoxdur.

İlqam Əskərov,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri
.