Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar.
Bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.
"Onda sual doğur, necə olub ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən, Dağlıq Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşayıb, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olublar.
Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər. Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlalar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür.
.