Cənub rayonlarında smart-kart tipli elektrik sayğaclarından istifadə edən abunəçilər bu gün səhərdən problemlə üzləşiblər.
Belə ki, "Azərpoçt”un yerli şöbələrinə müraciət edən abunəçilər balanslarına pul yükləmək imkanından məhrum olublar. Səbəb bəsitdir - sistem aktiv deyil.
Virtualaz.org saytının Şirvan bürosunun müxbirinin əldə etdiyi məlumata görə, bu problem kommunikasiya xətlərində təmir işləri aparılarkən baş vermiş qəzanın nəticəsidir. Belə ki, Ələt qəsəbəsi ərazisində təmir işləri aparılarkən internet xətti zədələnib, nəticədə sistem fəaliyyətini dayandırıb.
İşıqsız və çarəsiz qalan sakinlər Şirvan şəhərində "Azərpoçt”un yerli şöbəsinin qarşısına toplaşaraq gözləyir. Sistemin nə vaxt bərpa ediləcəyi barədə isə heç kim məlumat verə bilmir.
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə edilən zənglərə də cavab verən tapılmayıb.
"Azərişıq”ın enerji satışı üzrə qaynar xəttinə edilən zəngə isə nəhayət cavab verərək bildiriblər ki, onlar sualları cavablandıra bilməyəcəklər, çünki mətbuat xidmətinin rəhbəri iclasdadır...

.