Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ilk olaraq 180 zəvvar yola düşüb, onlar Ciddəyə çatdıqdan sonra avtobuslara minib ehram bağlanılan məscidə gedəcəklər. İyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar.

Qeyd edək ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Vüsal Cahangiri qeyd edib ki, zəvvarların geri dönüşü hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq:

“Ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

.