Azərbaycanda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi üçün 17 əsas müəyyən edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.
Həmin əsaslar aşağıdakılardır:
- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3-cü maddəsinə uyğun olaraq torpağın alınmasına əsas verən dövlət ehtiyacları;
- “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində (su obyektində) elektrik stansiyasının tikintisinə və quraşdırılmasına icazə verilməsi;
- “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq torpaq sahəsində inşa edilmiş bina və qurğulara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması;
- sənaye obyektlərinin, zonalarının (məhəllələrinin və parklarının) və Torpaq Məcəlləsinin 13-1-ci maddəsi nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı, emalı və saxlanılması üçün infrastrukturun yaradılması;
- ehtiyat fondu torpaqlarından istifadə zərurətinin yaranması;
- müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermer təsərrüfatlarının və aqraryönlü digər təsərrüfatların yaradılması məqsədilə başqa kateqoriyaya aid torpaqlardan əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi;
- qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınması məqsədilə meşə fondu torpaqlarının tərkibinə əlavə torpaqların verilməsi;
- meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti olduqda;
- bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin (o cümlədən milli parkların, dövlət təbiət qoruqlarının, yasaqlıqların və s.) tərkibinə əlavə torpaqların verilməsi;
- aerokosmik tədqiqatlar aparılması məqsədilə müvafiq infrastrukturun yaradılması zərurəti olduqda;
- ekzogen geoloji proseslərin təsirinə məruz qalmış yaşayış məntəqələrinin torpaqlarının əvəzləşdirilməsi;
- yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onların inzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədilə ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) və onlarda dəyişiklik olunmasının təsdiq edilməsi, həmçinin yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti olduqda;
- yaşayış məntəqələrinin hüdudları daxilində özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və ya dövlətə məxsus olmayan hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinin, habelə xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin əsaslandırılmış müraciətlərinin daxil olması;
- tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi;
- kənd təsərrüfatı yerlərinin radioaktiv və kimyəvi çirklənməyə məruz qalması, ekzogen geoloji proseslər nəticəsində dövriyyədən çıxarılaraq onlardan istifadə hüququna xitam verilməsi;
- faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən işlərinin həyata keçirilməsi;
- “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq, 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi.
.