Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Rusiyanın “Sputnik V” və Böyük Britaniyanın “AstraZeneca” vaksinlərinin kombinasiya edilmiş tətbiqi ilə bağlı kliniki tədqiqatlara başlanılıb.

Bu barədə “Sputnik V”nin “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, “AstraZeneca” vaksininin ilk dozasından sonra formalaşan immunitet onun ikinci dozasının effektivliyini azaldır (55%) və bu səbəbdən ikinci dozanın tətbiq edilməsi üçün 3 ay gözləməyə ehtiyac yaranır.

Qeyd olunub ki, “Sputnik V” komponentinin “AstraZeneca”dan sonra ikinci doza kimi tətbiq edilməsi ilə 3 ay gözləməyə ehtiyac qalmayacaq. Bu istiqamətdə artıq kliniki testlərə başlanıldığı vurğulanıb.

Xatırladaq ki, cari ilin fevralın 8-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur. Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır. Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

.